III Beynəlxalq Muğam Festivalı çərçivəsində C.Məmmədquluzadə adına Nxçıvan Dövlət Musiqili Dram Teatrında muğam konserti keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Tədbirin rəsmi hissəsində çıxış edən Naxçıvan MR nazir və turizm naziri Sərvan İbrahimov Azərbayacn xalqının milli-mənəvi dəyərlərin təbliğatı, ölkədə muğam sənətinə göstərilən qayğı və diqqət işində festivalın mahiyyəti barədə məlumat verib.
Sonra Liviyadan olan “Turasu Libya Makam” qrupu və Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında Liviya və Azərbaycan muğamları səslənib.
“Liviya makamım tarixi çox qədimdir. O çox əsr bundan əvvəl yaranıb. Bizim musiqi irsimiz bu günə qədər qorunub. Bu gün makamlar xüsusi günlərdə ifa olunur”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Liviya musiqi qrupunun rəhbəri Məhəmməd əl-Zərruq əl-Mədhun qeyd edib. Onun sözlərinə görə, Liviya və AZərbaycan muğamlarının oxşar cəhətləri var. “Bu tədbirlər ölkələrimizi yaxınlaşdırır. Ümid edirik ki, bu cür festivallar gələcəkdə də davam edəcək. Biz burada iştirak etməyə hazırıq”, - deyə o bildirib.
“Burada olduğuma görə xoşbəxtəm. Azərbaycanla münasibətlərimizin daimi olmasını arzu edirik. Bu festivalda Liviya və Azərbaycan muğamı arasında bir çox oxşar cəhətlərin olduğunun şahidi olduq”, - deyə qrupun solisti Bəhlul Səid qeyd edib.
III Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil edilib. Tədbir 9-19 mart tarixlərində keçirilir.