Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və müdafiə naziri İrakli Alasaniya ilə siyasət və təhlükəsizlik sahəsində Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafını müzakirə edib. Bu barədə rəsmi KİV xəbər verir.
Gürcüstan XİN başçısı ilə görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin intensiv xarakter daşıdığı qeyd olunub, beynəlxalq və regional əməkdaşlığın önəmi vurğulanıb, Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İ.Alasaniyanı qəbul edən İ.Əliyev Azərbaycan ilə Gürcüstan arasında hərbi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib. Prezident bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
Həmin gün Gürcüstanın müdafiə naziri Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb. Tərəflər hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.