ABŞ-ın Tennessi ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sənəddə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu qeyd edilir.
Səfirlik xatırladır ki, daha əvvəl ABŞ-ın Missisipi, Men, Texas, Arkanzas, Oklahoma və Nyu-Meksiko ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar müvafiq qətnamələr qəbul edilib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.