SOCAR şirkətinin rəhbərliyi (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) bazar ertəsi “Bos-Shelf” MMC-nin iş şəraitindən narazı olan bir qrup əməkdaşı ilə görüşüb. Bu barədə SOCAR-dan məlumat verilib.
“MMC-nin direktoru İxtiyar Axundov, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Hüquq İdarəsinin rəisi Eldar Orucov əməkdaşların istək, irad və arzuları dinləyiblər, tərəfindən onların əmək haqlarının artırılması, sosial və tibbi sığorta, əmək məzuniyyətinin verilməsi şərtləri və başqa məsələlərlə bağlı sualları cavablandırıblar”, - deyə məluamtda qeyd edilir.
SOCAR rəhbərliyi söylənilən istək və iradların bir hissəsinin əsassız olduğu görüş iştirakçılarının nəzərinə çatdırıb, əsaslı məsələlərin araşdırılacağı və bu haqda əlavə məlumat veriləcəyi bildirilib.
Görüş zamanı qeyd olunub ki, “Bos-Shelf”-in əməkdaşları həyat, risklər və təhlükəsizlik üzrə sığorta olunublar, tibbi sığorta müqaviləsi də artıq imzalanıb və aprelin 1-dən qüvvəyə minəcək.
“Əmək məzuniyyətinin verilməsinə gəlincə isə, bu məsələ işçinin və işəgötürənin istəyi ilə deyil, mövcud qanunvericiliyə uyğun aparılır. Eyni zamanda qeyd edilib ki, öz istək və təklifləri haqqında MMC rəhbərliyinə yazılı və ya şifahi şəkildə hec bir məlumat vermədən işlərin yarım iş günü ərzində dayandırılması qanunvericiliyə uyğun deyil və bu, iş yerinin qanunsuz tərk olunması kimi qiymətləndirilə bilər”, - deyə məlumatda bildirilir.
ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, “Bos-Shelf” MMC-nin yaxın zamanda Azərbaycan neft sənayesində həyata keçiriləcək irimiqyaslı layihələrə cəlb ediləcək və bunun üçün kollektivin daim öz üzərində işləməlidir.
“O, qaldırılan əsaslı məsələlərin təcili şəkildə araşdırılması və qısa müddətdə həlli ilə bağlı tapşırıqlar verib. Xalik Məmmədov vurğulayıb ki, hər bir işçinin öz fərdi inkişaf planı olmalı, əməkdaşlar daim öz peşəkarlıq dərəcəsinin artırılması qayğısına qalmalıdırlar. Yalnız bu zaman birgə müəssisə neft-qaz bazarında rəqabətə davam gətirə biləcək və yeni müqavilələr qazanacaq”, - deyə məlumatda bildirilir.