Tbilisi Mesheti türklərinin vətənlərinə qayıdışı ilə bağlı Avropa Şurası qarşısında götürmüş olduğu öhdəlikləri yerinə yetirir.Gürcüstanın xarici işlər naziri Maya Pancikidze belə söyləyib.
“Biz 5 mindən artıq müraciət almışıq (Mesheti türklərindən-İF-Az).Biz onların qaytarılması prosesi ərəfəsindəyik və AŞ qarşısında götürmüş olduğumuz öhdəlikləri yerinə yetriməyə hazırıq”,- deyə M.Pancakidze çərşənbə axşamı Bakıda mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Mesheti türklərinin Gürcüstan vətəndaşlığı alması üçün Gürcüstan qanunvericiliyinə bir düzəliş edilməsi məsələsi qalır.
“Onların Gürcüstana, bir zamanlar ata- babalarının yaşadıqları yerlərə qayıtması üçün xüsusi proqram mövcuddur.Həmçinin, onlar Gürcüstanda harda və hansı şərtlərlə yaşamaq istədiklərini də ifadə edə bilərlər”,- deyə o qeyd edib.
Bundan əlavə, nazir söyləyib ki, Gürcüstan region ölkələri ilə mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsində maraqlıdır. “Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.Rəsmi Bakı da bizm suverenliyimizi dəstəkləyir”,- deyən nazir əlavə edib: “Biz münasibətlərimizi ümumi maraqlar əsasında inkişaf etdiririk”.