2013-cü ilin yanvar-fevral aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Azərbaycan qazının ixrac həcmi 651,8 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 3,7 mlrd. kubmetr qaz nəql olunub ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 7,5% azdır.
Xəbər verildiyi kimi, 2012-ci ildə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 4 mlrd. kubmetr Azərbaycan qazı ixrac edilib.
Uzunluğu 690 km olan Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün çəkilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb.