ABŞ-ın Pensilvaniya ştatının qanunverici orqanı 1992-ci ilin fevral ayında ermənilər tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı həyata keçirilmiş soyqırımı pisləyən 171 saylı qətnamə qəbul edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qanunverici orqanın Nümayəndələr Palatasının üzvü Tomas Murtun təqdim etdiyi qətnamədə Xocalı hadisələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir. Faciə nəticəsində 613 nəfər qətlə yetirilib, 150 nəfər itkin düşüb, 487 nəfər yaralanıb, 1270 nəfər əsir götürülüb. Bununla əlaqədar Nümayəndələr Palatası Xocalı faciəsinin tanınması və faciə qurbanlarının anılması ilə bağlı qətnamə qəbul edib. Qətnamənin surətləri ABŞ Dövlət Departamentinə və Pensilvaniya Konqresinin üzvlərinə göndərilib.
Daha əvvəl ABŞ-ın bir sıra digər ştatları tərəfindən də müvafiq qətnamələr qəbul edilib.