Böyük Britaniyanın sabiq baş naziri Margaret Tetçerə Nizami Gəncəvi Mükafatı təqdim edilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Saytda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətinə istinadən qeyd edilir ki, Böyük Britaniyanın sabiq baş naziri Margaret Tetçerin katibliyindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müraciətinə müsbət cavab verilib.
Katibliyin cavab məktubunda bildirilir: "Xanım Margaret Tetçer sizə yazmamı xahiş edərək bildirir ki, böyük nüfuzu olan Nizami Gəncəvi mükafatının ona təqdim olunması qərarından böyük qürur hissi keçirir və bu qərara görə öz dərin təşəkkürünü bildirir”.
Nizami Gəncəvi Beynalxəlq Mükafatı dünyada müstəsna xidmətləri olan şəxsiyyətlərə təqdim olunur.
Nizami Gəncəvi Beynalxəlq Mükafatı ABŞ-nın 42-ci prezidenti Bill Klintona, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirələ, Birmanın lideri Aung Sang Suya, Şərqi Avropanın ilk qadın prezidenti Vaira Vike-Freibergaya təqdim olunub.
Mükafat Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanır.