Aprelin əvvəlində Litvanın baş naziri Alqirdas Butkeviçyus Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Litvanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Baş nazir Dünya İqtisadi Forumda (WEF) iştirak etmək məqsədilə Bakıya səfər edəcək”, - deyə səfirlikdən bildirilib.
Bununla yanaşı, “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik dairələrdən verilən məlumata görə, səfər zamanı litvalı baş nazir həmçinin ikitərfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirməyi planlaşdırır.
WEF aprelin 7-8-də Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda forum təşkil edir. Bu barədə Forumun saytında bildirilir. Bakı forumunda sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, maliyyə, telekommunikasiya və s. sahələrinin inkişafı məsələləri müzakirə olunacaq. Forum regional və qlobal oyunçular üçün regionun gələcəyi ilə əlaqədar əsas çağırış və imkanların qiymətləndirilməsi üçün vacib platforma olacaq. WEF-in saytında qeyd olunur ki, Forum Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlığın inkişafı və inteqrasiyaya öz töhfəsini verəcək.