Bakı Qazaxıstanla əməkdaşlığın daha da genişləndirilməsinə böyük əhəmiyyət verir. Bu barədə Prezident İlham Əliyev cümə axşamı Qazaxıstanın yeni təyin olunmuş səfiri Amangeldi Jumabayevin etimadnaməsini qəbul edərkən bildirib. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin yaxın qonşu, dost və tərəfdaş olduğunu deyib.
İ.Əliyev əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib, son illər ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
A.Jumabayev ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb və əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini deyib.