Bakı Dövlət Universitetində Gənc Alimlər Şurası yaradılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Gənc Alimlər Şurası gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək edilməsi üçün yaradlıb.
BDU Elmi Şurasının qərarı ilə Şuranın Əsasnaməsi qəbul edilib.
Şura öz məqsədinə nail olmaq üçün gənc alim və tədqiqatçıların elmi tədqiqat işlərinin təşkili sahəsində BDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarının fəaliyyətini koordinasiya edir, gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlər təşkil ediləcək.
Bundan başqa, struktur gənc alimləri beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştiraka cəlb etməyi nəzərdə tutur.
Şura elmi institutlar, digər ali təhsil müəssisələri və elmi təşkilatları ilə əlaqə yaradacaq, birgə tədbirlər təşkil edəcək.
19 nəfərdən ibarət Gənc Alimlər Şurasının sədri fizika fakültəsinin, Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyevadır.
Qeyd etmək lazımdır ki, BDU-da 35 yaşınadək alimlik dərəcəsi almış 62 gənc alim çalışır, 400-dən çox gənc doktorant və 1,5 min magistrant elmi tədqiqat işi aparır.