2012-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $14 mlrd. 916,3 mln. təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 13% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin saytında dərc edilmiş 2012-ci ilin tədiyə balansına əsasən, hesabat dövründə neft-qaz sektoru üzrə profisit $23,4 mlrd. təşkil edib, qeyri-neft sektoru üzrə kəsir isə $8,5 mlrd.-a bərabər olub.
AMB-nin məlumatına görə, 2012-ci ildə xarici ticarət dövriyyəsinin həcmi $43 mlrd. 51,5 mln. təşkil edib və Azərbaycan xarici ticarətdə $22 mlrd. 217 mln. həcmində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin ümumi həcmində 9,7% MDB ölkələrinin, 90,3% - uzaq xarici ölkələrin payına düşüb.
$32 mlrd. 634 mln. həcmində ixracın strukturunda $30 mlrd. 700,5 mln. neft və neft məhsullarının payına düşüb ki, bu da Azərbaycanın mal ixracının ümumi həcminin 94,1%-ni təşkil edir.
$10 mlrd. 417,5 mln. həcmində idxalın strukturunda $4 mlrd. 375,9 mln. istehlak mallarının, o cümlədən $1 mlrd. 303,6 mln. ərzaq mallarının payına düşüb. 2012-ci ildə investisiya mallarının idxal həcmi $961,8 mln., digər malların - $5 mlrd. 79,8 mln. təşkil edib.