AZƏRBAYCAN-Xəzər dənizinin zəngin təbii sərvəti Azərbaycan və Qazaxıstanın müstəqilliyinin möhkəmlənməsində vacib rol oynayıb. Azərbaycan Diplomatik Akademiyasının(ADA) əməkdaşı Taleh Ziyadov Cənubi Kaliforniya Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən tədbirdə belə söyləyib.
Azərbaycanın Los -Ancelsdəki Baş Konsulluğundan “İnterfaks-Azərbaycan” agentliyinə bildirildiyi kimi, “Xəzər Regionu: Dənizlərarası siyasət” adlı tədbirdə çıxış edən T.Ziyadov qeyd edib ki, Azərbaycanın müstəqil enerji siyasətini müşayət edən enerji resursları Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və enerji mənbələrinin diversifikasiyasında vacib aspekt sayılır.Bununla əlaqədar, ADA nümayəndəsi tədbir iştirakçılarına Azərbaycanda mövcud olan və planlaşdırılan enerji layihələri barədə ətraflı məlumat verib.O söyləyib ki, TANAP qaz kəməri layihəsinin reallaşdırılması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın töhfəsini artıracaq.
T.Ziyadov bildirib ki, regionda mövcud olan münaqişələr, o cümlədən Azərbaycan- Ermənistan münaqişəsi və Xəzər dənizinin hüquqi statusunun həll edilməməsi regional inteqrasiyaya mane olur.
Tədbirdə çıxış edən Cənubi Kaliforniya Universitetin professoru Pepperdayn Ceyms Koyl Xəzər regionunun ABŞ və Avropa üçün əhəmiyyətindən danışıb.