Çərşənbə axşamı Bakıda “İctimai iştirakçılıq haqqında” qanun layihəsinə dair ictimai dinləmələr keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir. Beynəlxalq ekspertlərin iştirakı ilə dinləmələr Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) və Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən təşkil olunub.
“Hazırda Azərbaycanda dövlət idarəçiliyində geniş ictimaiyyətin iştirakını təmin edən müxtəlif mexanizmlərdən istifadə olunur. Buna baxmayaraq, cəmiyyətin dövlət idarəçiliyində iştirakını tənzimləyən qanunun qəbul edilməsi zərurəti mövcuddur”, - deyə AHK-nin İdarə Heyətinin sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, sənəd parlamentin üç komitəsinin iclaslarında müzakirə olunub və Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə hazırdır.
“İctimai iştirakçılıq haqqında” qanun layihəsi Azərbaycanda dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə yönəlib”, - deyə müzakirə olunan qanun layihəsinin müəllifi, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bəyan edib. Onun sözlərinə görə, qanun layihəsi ABŞ və Avropa ölkələrində geniş istifadə edilən bir sıra qabaqcıl mexanizmlər təklif edir. Bu qanunun qəbulu Azərbaycana böyük fayda verəcək.
“İctimai iştirakçılıq haqqında” qanun layihəsinin qəbulu Azərbaycanda demokratiyanın inkişfı istiqamətində aparılan islahatların tərkib hissəsidir”, - deyə A.Quliyev qeyd edib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrinin sözlərinə görə, “İctimai iştirakçılıq haqqında” qanun layihəsi aprelin 5-də Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq. A.Quliyev vurğulayıb ki, “İctimai iştirakçılıq haqqında” qanunun bu il qəbul edilməsi mümkündür.
“USAID “İctimai iştirakçılıq haqqında” qanun layihəsinin hazırlanması və ictimai debatların təşkili istiqamətində SEDA proqramı çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Şurası rəhbərliyi ilə sıx əməkdaşlıq edir və bu məsələlərdə Azərbaycanın ekspertlərdən ibarət işçi qrupuna yardım edir. Qanun layihəsinin Azərbaycan hökumətini razı salmasından və Mill Məclisin müzakirəsinə çıxarılmasından məmnunuq”, - deyə USAID-in Azərbaycan üzrə missiya rəhbəri Maykl Qrin qeyd edib. O, həmçinin bildirib ki, USAID gələcəkdə də Azərbaycan tərəfinə ictimai iştirakla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə dəstək verməyə və vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində daha fəal iştirakının təmin olunmasına yönələn qanunların tətbiqi məsələlərində öz təcrübəsi ilə bölüşməyə hazırdır.