Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis (2006-2009-cu illər) mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda münaqişələrlə bağlı plenar iclasa sədrlik edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil edilib.
Dora Bakoyannis Yunanıstan parlamentində Demokratik Alyans Partiyasını təmsil edir, 2009-cu ildə isə ATƏT-ə rəhbərlik edərək Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün aktiv fəaliyyət göstərib.D.Bakoyannis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətində də təmsil olunacaq.
Xanım D.Bakoyannisi səfər zamanı Ümumdünya Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos müşayiət edəcək.
Cənubi Qafqaz Forumunda müxtəlif ölkələrdən 50-dən artıq nümayəndə, 30-dan artıq sabiq dövlət və hökumət rəhbəri, 200-dən artıq elm xadimi iştirak edəcək.