Bakı Metropoliteni hazırda 8 metro stansiyasının və 2 deponun tikintisini həyata keçirir. Bu barədə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovun çərşənbə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilir.
“2014-cü ildə “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istifadəyə veriləcək. Rusiyanın “Metrovaqonmaş” zavodundan (Mıtişşi) texniki təchizat baxımından mövcud vaqonlardan əsaslı şəkildə fərqlənən 5 vaqonluq bir heyət alınıb. Göstərilən stansiyalarda xəttə buraxılması nəzərdə tutulan daha 3 heyətin alınması planlaşdırılır”,- deyə T.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, Bakı Metropoliteni hərbi hospitalla üzbəüz metro stansiyasının tikinti işlərini həyata keçirir. Oradan H.Əliyev adına İdman və Konsert Kompleksi yaxınlığında tikiləcək yeni metro stansiyasına doğru tunel çəkiləcək.
“Eləcə də 2016-cı ildə “Həzi Aslanov” stansiyasından Yeni Günəşli qəsəbəsinə qədər tunelin tikintisi nəzərdə tutulub. Ümumilikdə, 2030-cu ilə qədər 50 yeni metro stansiyası istifadəyə veriləcək”,- deyə məqalədə bildirilir.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir.Hazırda Bakı Metropoliteni iki xətt və 23 stansiyadan ibarətdir. Bakı Metropolitenində sərnişin daşımalarının illik həcmi 200 mln.nəfər təşkil edir.