Azərbaycanda məhkumlara qarşı ölüm cəzası mexanizmini yenidən tətbiq etməyə ehtiyac yoxdur. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Hüquqşünasları Konfederasiyasının rəhbəri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib.
“Ölüm hökmü demokratik, sivil dövlətlərdə cəza tədbiri kimi tətbiq edilmir.Düzdür, bəzi opponentlər bununla əlaqədar ABŞ-ı nümunə göstərmək istəyirlər, lakin demokratik ölkə olmasına baxmayaraq, ABŞ-da da insan hüquqları pozulur”,- deyə o qeyd edib.
Bu baxımdan deputat vurğulayıb ki, Amnesty International kimi bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları ABŞ-ın ünvanına yönəlmiş tənqidi çıxışlar edirlər.
“Mən ölüm cəzasının tətbiq edilməsində bizim üçün hər hansı bir modelin olmadığını izah etmək üçün ABŞ-ı nümunə gətirdim. Bu məsələdə Avropa ölkələri bizə nümunədir. Onlar insan hüquqlarının müdafiəsini öz konstitusiyaları və qoşulduqları beynəlxalq konvensiyalara müvafiq olaraq tətbiq edirlər”, - deyə Ə.Hüseynli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ölüm cəzası son dəfə Xalq Cəbhəsinin hakimiyyətdə olduğu 1992-ci ilin sonu-1993-cü ilin əvvəlində tətbiq edilib.
“Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölüm cəzasının tətbiqinə moratorium qəbul edilib. 1998-ci ildə isə Prezident ölkədə ölüm cəzasını qadağan edən müvafiq qanunun qəbul edilməsi təklifi ilə Milli Məclisə müraciət edib”, - deyən komitə sədri əlavə edib ki, ağır cinayətlər törətmiş şəxslərə ömürlük həbs cəzası ən ağır cəza tədbiridir.