ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona mənasız səfərlər etmək əvəzinə Qarabağ münaqişəsinin nizamlanması istiqamətində real addımlar atmalıdırlar. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov belə hesab edir.
“Bizim arzumuz ondan ibarətdir ki, həmsədrlər nəhayət, boş-boş gedib-gəlməyi dayandırsınlar. Onlar 20 ildən artıqdır ki, bu problemlə məşğuldurlar. Amma indiyə qədər bu məsələyə dair konkret mövqe bildirilməyib və ictimaiyyətə bu barədə bəyan edilməyib”, - deyə N.Məmmədov ATV telekanalına bildirib. Onun sözlərinə görə, “konfliktologiya ilə məşğul olan Minsk Qrupunun həmsədrlərinin bu münaqişə ilə əlaqədar konkret addımlar atdığını Azərbaycanda, regionda və dünyada ictimaiyyətin görməsi üçün onlar buna əməl etməlidirlər”.
“Həmsədrlərin qarşıda duran vəzifələrin mahiyyətini anlamağının və konkret addımlar atmağının vaxtı çatıb. Bu gün vasitəçi ölkələrin rəhbərləri daha ciddi və qətiyyətlə düşünməli və qərar qəbul etməlidirlər”, - deyə N.Məmmədov qeyd edib.