Naxçıvan Dövlət Universiteti (NDU) və Cənubi Koreyanın Kimçonq Universiteti arasında dostluq parkı yaradılıb. Park NDU-nun ərazisində salınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu çərşənbə axşamı məlumat verib.
Açılış mərasimində çıxış edən NDU-nun rektoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli iki ölkənin ali məktəbləri arasında əlaqələrin inkişafına Naxçıvan MR-in rəhbəri və Koreya Respublikası səfirliyi tərəfindən göstərilən dəstəyi xüsusilə vurğulayıb.
“NDU Cənubi Koreyanın Kimçonq və Busan universitetləri ilə hərtərəfli əməkdaşlıq qurub”, - deyə İ.Həbibbəyli bildirib. Onun sözlərinə görə, hazırda NDU-da doqquz koreyalı tələbə təhsil alır, bir doktorant elmi işlə məşğul olur. Rektor əlavə edib ki, universitetdə fəaliyyət göstərən Koreya mədəniyyəti və dili mərkəzində koreya dili, ölkənin tarixi, milli mədəniyyəti, ali təhsil sistemi üzrə materiallar öyrədilir. O qeyd edib ki, Boloniya təhsil sisteminin prinsiplərinə uyğun olaraq sözügedən universitetlər arasında tələbə mübadiləsi genişləndirilir. “Naxçıvan Dövlət və Kimçonq universitetlərinin ərazilərində dostluq parklarının salınması iki ali məktəb arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın gələcək inkişafının rəmzidir. Koreya Universiteti ərazisində salınmış dostluq parkında NDU tərəfindən göndərilmiş yerli meyvə ağacları və güllər əkilib”,- deyə İ.Həbibbəyli əlavə edib.
Tədbirdə çıxış edən NDU Koreya mədəniyyəti və dili mərkəzinin rəhbəri, magistrant Çanq Sekond, bu universitetdə təhsil alan koreyalı tələbələr Li Sumi və Jeonq Seoka dövlətlərarası əlaqələrin inkişafında elm və təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindən danışıblar.
Yeni yaradılan dostluq parkında Kimçonq Universiteti tərəfindən göndərilmiş müxtəlif növ gül kolları və ağaclar əkilib.