Naxçıvan Muxtar Respublikasının (MR) məktəblilərinə mantu sınağı qoyulacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan MR Səhiyyə Nazirliyindən məlumat verilib.
“Muxtar Respublikanın bütün ümumtəhsil məktəblərində I-XI sinif şagirdlərinə tuberkulin diaqnostikasının metodlarından biri olan mantu sınağı qoyulacaq”, - deyə nazirliyin nümayəndəsi regional büroya bildirib.
Onun sözlərinə görə, aksiya uşaqlar və yeniyetmələr arasında vərəmin erkən mərhələdə aşkarlanması məqsədi daşıyır.
“Aksiyanın mütəşəkkil şəkildə keçirilməsi üçün müvafiq elmi-praktiki seminar və treninqlərdə xüsusi hazırlıq keçən pediatr, epidemioloq və vaksinatorlardan ibarət briqadalar yaradılıb. Bu briqadalar zəruri vaksin, şpris və digər vasitələrlə təmin edilib”, - deyə mənbə bildirib.
O qeyd edib ki, təxminən 43,7 min məktəblinin cəlb ediləcəyi aksiya aprelin 1-dən 15-nə qədər davam edəcək.
“Sınağın nəticələri vaksin vurulduqdan 72 saat sonra qiymətləndirilir. Xəstəlik əlamətləri aşkarlanan uşaq və yeniyetmələr Ağciyər Xəstəlikləri Dispanserinə yönəldiləcək və onlar daha ətraflı tibbi müayinədən keçiriləcəklər. Xəstə uşaqlar altı aylıq pulsuz müalicəyə cəlb ediləcəklər”, - deyə nazirliyin nümayəndəsi əlavə edib.
O söyləyib ki, 2006-cı ildən etibarən Muxtrar Respublikanın ümumtəhsil məktəblərində hər il mantu sınağı aparılır.