Azərbaycan və Krım ikitərfəli turist axınının təşkili və genişləndirilməsi üçün bütün imkanlara malikdir. Bu barədə Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyev “İnterfaks-Azərbaycan” agentliyinin ofisində keçirdiyi mətbuat konfransında bəyan edib.
“Əfsuslar olsun ki, bu gün bir çoxları Krımı çimərlik kurortu hesab edir. Lakin ötən il müalicə almaq məqsədilə Krıma səfər etmiş 20 minə yaxın azərbaycanlı muxtariyyətin imkanlarından necə düzgün istifadə edəcəyini bilir”, - deyə A.Liyev bildirib. Onun sözlərinə görə, Krım osteoxondroz, sonsuzluq və s. xəstəliklərin müalicə olunduğu müalicəxanadır. Nazir qeyd edib ki, Krım Muxtar Respublikasının Kurortlar və Turizm Nazirliyi Azərbaycanın “SW Travel” turizm şirkətinin qismində etibarlı tərəfdaş tapıb. Çərşənbə günü imzalanması nəzərdə tutulan memorandum çərçivəsində bu şirkətin bazasında qeyd edilən nazirliyin nümayəndəliyi yaradılacaq.
“Bu gün Azərbaycanda Krımın kurortlarının reklamına dair genişmiqyaslı tədbirlər keçirməyə ehtiyac yoxdur. İlk olaraq müalicə-sağlamlıq turizmi üzrə mütəxəssislər hazırlamaq lazımdır ki, biz Azərbaycanda bununla məşğul olacağıq”, - deyə nazir bildirib.
“Biz Bakıda və Azərbaycanın hər bir rayonunda agentlik yaratmağı planlaşdırırıq. Həmin agentliklərin əməkdaşları üçün altı kurs təşkil edəcəyik. Bundan sonra kurs iştirakçıları attestasiyadan keçəcəklər və Azərbaycandan Krıma müalicə turizminin genişlənməsinə şərait yaradacaqlar”, - deyə A.Liyev qeyd edib.
“Fəaliyyətimizin uğurla davam etməsi məqsədilə bu istiqamətdə yerli həkimlərlə də birgə işin təşkili vacibdir”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” artıq ikinci ildir ki, Simferopola reyslər həyata keçirir. Bununla yanaşı, ötən il daşımalarda bir qədər azalma müşahidə olunub. Bununla əlaqədar Ukrayna tərəfi Krıma uçuşların il boyu təşkil olunması üçün müəyyən tədbirlər həyata keçirməyə, xüsusilə Azərbaycan təyyarələri üçün Simferopol aeroportunda güzəştlərə və Azərbaycandan reklam yerləşdiməyə nail olmağa hazırdır.
“Bu, Azərbaycandan olan turistlərin Krıma axınının həcmini artırmağa imkan verəcək”, - deyə A.Liyev vurğulayıb.
Mətbuat konfransı zamanı o da qeyd edilib ki, Krım sanatoriyalarında qiymətlər çox ucuzdur. “Məsələn, xidmətlərə dörd dəfə yemək, beş müxtəlif prosedur və diaqnostikanın daxil olduğu üçulduzlu otel bir nəfər üçün 40 avroya başa gəlir”, - deyə deyə nazir izah edib.
“Krımda 30-40 otel fəaliyyətini elə təşkil edib ki, Azərbaycan vətəndaşları orada daha rahat istirahət etsinlər. Xüsusilə, otel əməkdaşları bir qədər dili bilirlər, Azərbaycanın adət və ənənələri ilə tanışdırlar”, - deyə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.
Onun sözlərinə görə, Ukrayna turizm sahəsində əməkdaşlığın inkişafı istiqamətində turist axınının sabit və ikitərəfli olmasında maraqlıdır.
“SW Travel” turizm şirkətinin direktoru Şirzad Əfəndiyev öz növbəsində qeyd edib ki, rəhbərlik etdiyi şirkət Krımın Kurortlar və Turizm Nazirliyinin ofisinin açılması ilə bağlı keçirilən müsabiqənin qalibi olub. “Daha çox sayda Azərbaycan vətəndaşının Krımın kurortları barədə məlumatlı olması üçün maksimum səy göstərəcəyik”, - deyə Ş.Əfəndiyev bildirib.
Direktorun sözlərinə görə, Azərbaycanda turizm sahəsinin inkişafı istiqamətində də böyük iş aparılır. O əlavə edib ki, bu il Azərbaycanın aviaşirkətləri Ukraynaya reyslər təşkil etmək məqsədilə “Airbus” təyyarələrini istifadəyə verməyi planlaşdırır.
Azərbaycan və Ukrayna arasında əməkdaşlığa toxunan A.Mişenko, həmçinin qeyd edib ki, təxminən iyun ayında Azərbaycanda Ukrayna Mədəniyyəti günləri keçiriləcək.
“Bakı çox gözəl şəhərdir. İkitərəfli turist axınının təşkili üçün bizim hər cür imkanımız var”, - deyə A.Liyev öz növbəsində bildirib.
Nazir Azərbaycana səfər zamanı onu müşayiət edən nümayəndə heyətinin tərkibində “Eurovision” mahnı müsabiqəsinin ukraynalı təmsilçisi Zlata Oqneviçin olmasını bu cür miqyaslı tədbirin keçirilməsində Azərbaycanın böyük təcrübəsinin öyrənilməsinin zəruriliyi ilə izah edib.
“Ötən il Azərbaycan bu müsabiqəni yüksək səviyyədə keçirib. Respublika böyük təcrübəyə malikdir və bizim ondan öyrənəcəyimiz çox şey var”, - deyə o bildirib.