NATO ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetidir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyan edib.
“Son illər ərzində Azərbaycanla NATO arasında bu münasibətlər dinamik inkişaf edib və bu gün ölkənin xarici siyasətinin prioritetidir”, - deyə o, cümə axşamı Bakıda keçirilən “Cənubi Qafqazda və ətraf regionlarda geosiyasi situasiyanın formalaşmasında NATO-nun rolu” mövzusunda konfransda çıxışı zamanı bildirib.
E.Aslanov qeyd edib ki, Azərbaycan dünya birliyi ilə birgə NATO-nun sülhməramlı əməliyyatlarında fəal iştirak edir. Əfqanıstana ixrac və idxal olunan yüklərin 30%-i respublika ərazisi vasitəsilə daşınır. Onun sözlərinə görə, təkcə 2012-ci ilin yanvar-avqust ayları ərzində Əfqanıstandan 2200 yaralı və xəstə Azərbaycan ərazisi ilə daşınıb.
“Azərbaycan, həmçinin NATO-nun hərbi standartlarının tətbiqində də maraqlıdır”, - deyə E.Aslanov vurğulayıb.
Şöbə müdiri ölkə ərazisinin bir hissəsinin Ermənistan tərəfindən davam edən işğalını Azərbaycan üçün ən böyük təhlükə adlandırıb. “Dünya birliyi və vasitəçilərin passiv mövqe tutması nəticəsində münaqişə indiyədək həll olunmayıb”, - deyə o, təəssüflə bildirib.