NATO Azərbaycan tərəfindən Hərbi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (IPAP) reallaşdırılmasının gedişini müsbət qiymətləndirir. Bu barədə Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim bəyan edib.
“Aprelin 8-də IPAP-ın reallaşdırılmasının qiymətləndirilməsi üzrə NATO missiyası Azərbaycana gəlir. Ümumilikdə, bu planın reallaşıdırılması üzrə hər şey qaydasındadır və yüksək qiymətləndirilir (NATO rəhbərliyi tərəfindən – İF-Az)”, - deyə X.İbrahim cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın da cəlb edildiyi Planlaşdırma və Analiz Prosesinə (PAP) gəlincə, indiki halda söhbət qarşılıqlı əlaqənin genişləndirilməsindən getmir. “Burada məqsəd əsasən ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri, həm də ümumilikdə, respublikanın təhlükəsizlik qüvvələri hər hansı əməliyyatlarda birgə iştirak zamanı NATO qüvvələri ilə harmoniya yaratsın. Bununla əlaqədar heç bir problem yoxdur. Azərbaycan indiyədək müxtəlif əməliyyatlarda iştirak edib. Bu gün Əfqanıstanda iştirak edir, gələcəkdə də edəcək. Bu səbəbdən söhbət daha çox genişlənmədən deyil, dərinləşmədən gedir”, - deyə daimi nümayəndə qeyd edib.