Aprelin 3-də Azərbaycan Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası keçirilib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Hökumət nümayəndələrinin və Kosmik Proqramın məsləhətçisi Roald Saqdeyevin iştirak etdiyi iclas Şuranın sədri, akademik Arif Paşayevin rəhbərliyi ilə keçirilib.
İclasda 2015-2016-cı illərdə orbitə buraxılması nəzərdə tutulan aşağıorbitli və ikinci telekommunikasiya peyki layihələrinə dair müzakirələr aparılıb, tövsiyələr verilib.
Bununla yanaşı, yaxın gələcəkdə Azərbaycanda universal yerüstü stansiyanın qurulması məsələsi müzakirə olunub, həyata keçirilməsi planlaşdırılan kosmik layihələrin icrası istiqamətində təkliflər verilib.