Azərbaycan NATO ilə əməkdaşlığının gələcək üçün mümkün istiqamətlərini nəzərdən keçirir. Bu barədə Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Xəzər İbrahim bəyan edib.
“2014-cü ildən sonra, yəni sülhməramlı qüvvələr Əfqanıstandan çıxarılandan sonra NATO ilə necə əməkdaşlıq edəcəyimiz barədə artıq bu gün düşünməliyik. Və bu əməkdaşlığın konturları artıq müəyyən edilib”, - deyə X.İbrahim cümə axşamı Bakıda keçirilən “Cənubi Qafqazda və ətraf regionlarda geosiyasi situasiyanın formalaşmasında NATO-nun rolu” mövzusunda konfransda çıxışı zamanı bildirib.
“Azərbaycanla NATO arasında münasibətlər uğurla inkişaf edir, bu isə ölkənin Avroatlantik məkana müvəffəqiyyətlə inteqrasiyasının nümunəsidir. Azərbaycan hələ 1990-cı illərdə NATO ilə fəal əməkdaşlığa başlayıb. Bu gün ölkəmiz adıçəkilən beynəlxalq təşkilatın fəaliyyətinə ciddi töhfə verir”, - deyə X.İbrahim vurğulayıb. O, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) fəaliyyətini nümunə gətirib. “ANAMA-nın fəaliyyətinin maraqlı fenomen olduğunu söyləmək olar. Bu agentliyi o cümlədən NATO-ya üzv ölkələr arasında ərazilərin minalardan təmizlənməsi üzrə ən effektiv struktur adlandırmaq olar. ANAMA Əfqanıstanda aktiv fəaliyyət göstərir, təcrübəsi ilə bölüşür, Gürcüstan ərazilərinin minalardan təmizlənməsinə töhfə verir”, - deyə X.İbrahim qeyd edib.
Əfqanıstanda əməliyyat çərçivəsində respublikanın Alyansla əməkdaşlığı barədə danışan diplomat bildirib ki, “yaxın illərdə Azərbaycan müxtəlif dövlətlərin hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması üzrə əsas tranzit marşrutlarından biri rolunu oynayacaq”.
X.İbrahimin sözlərinə görə, NATO rəhbərliyi, həmçinin Əfqanıstan nümayəndələrinin də təhsil aldığı Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətini yüksək qiymətləndirir.
“Azərbaycan NATO-nun əməliyyat və tədbirlərinin fəal iştirakçısıdır. Bu istiqamətdə ölkəmizin rolu həm də Azərbaycanın coğrafi mövqeyi hesabına artır”, - deyə X.İbrahim vurğulayıb.
O qeyd edib ki, bir neçə gündən sonra Alyansla əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin qiymətləndirilməsi məqsədilə NATO-nun qiymətləndirmə missiyası Azərbaycana gələcək.
“Azərbaycan kibernetik təhlükəsizliyin, beynəlxalq terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizənin təminatına yönələn səylərə ciddi töhfə verir. May ayında Bakıda bu məsələlərə həsr olunan böyük tədbir keçiriləcək”, - deyə X.İbrahim bildirib.