Fransa 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Bu barədə cümə axşamı jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Monye məlumat verib.
“Azərbaycan I Avropa Olimpiya Oyunlarının keçirilməsinə hazırlıq görür. Biz təhlükəsizliyin təmin edilməsi sahəsində öz təcrübəmizi bölüşməyə hazırıq”- deyə səfir bildirib.
Onun sözlərinə görə, gələn həftə Fransa tərəfi Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə birgə böyük tədbirlərdə təhlükəsizliyin təmin edilməsi mövzusunda seminar keçirəcək. Bu sahədə əməkdaşlıq çərçivəsində Fransa Daxili İşlər Nazirliyinin təhlükəsizlik üzrə ekspertləri Azərbaycana səfər edəcəklər. “Bununla yanaşı, təhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri də Bakıya gələcəklər. Onlar bu sahədə ən son texnologiyaları təqdim edəcəklər”, - deyə P.Monye əlavə edib.