Aprelin 10-da Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” satirik jurnalının ilk nömrəsinin çapdan çıxmasının 107 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Gözlənildiyi kimi, tədbir iştirakçıları olan mədəniyyət və elm xadimləri yazıçı-publisist Cəlil Məmmədquluzadənin yaradıcılığı, onun silahdaşları, jurnalın məqsəd və məramından danışacaqlar.
Bundan başqa, tədbir çərçivəsində məruzələr dinləniləcək və jurnalın fəaliyyətinə həsr olunmuş sərgi keçiriləcək.
“Molla Nəsrəddin” həftəlik illüstrasiyalı satirik jurnaldır. Jurnal Tiflisdə (1906-1914, 1917), Təbrizdə (1921) və Bakıda (1922-1931) nəşr edilib. 25 il ərzində jurnalın 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) işıq üzü görüb. Jurnal 1906-cı ildə Tiflisdə Cəlil Məmmədquluzadə tərəfindən təsis edilib. Jurnal Molla Nəsrəddinin adından 1905-1907-ci illərin inqilab, o cümlədən, Zaqafqaziyada fəhlə hərəkatının ideyalarını ifadə edib. Nəşr Yaxın və Orta Şərqdə geniş yayılıb və demokratik mətbuatın inkişafına təsir göstərib. Jurnal feodal-patriarxal adətləri ifşa edib, xalqı azadlıq uğrunda mübarizəyə çağırıb, o cümlədən Şərq ölkələrində imperializm və qəddar rejimlərə qarşı çıxış edib.