Rusiya və Türkmənistan Xəzər sammitinin tezliklə keçirilməsində maraqlıdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Biz Xəzər sammitinin keçirilməsi üçün ən yaxın zamanda şəraitin yaradılmasında maraqlıyıq. Gündəliyin məzmunlu olması üzərində iş aparılır”, - deyə S.Lavrov cümə axşamı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla danışıqların yekunları üzrə jurnalistlərə bildirib.
XİN başçısı məlumat verib ki, Rusiya Türkmənistan tərəfinin həm də Xəzər dənizində ekologiya məsələlərinə xüsusi diqqətini qeyd edib. “Biz Xəzəryanı dövlətlərin bu problemi birgə həll etməsinə dair yanaşmanı dəstəkləyirik”, - deyə o bildirib.
S.Lavrov əmin olduğunu bildirib ki, bu məsələnin öyrənilməsi və konkretləşdirilməsi iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına yönəlmiş ümumi qlobal səylərə imkan verəcək.
Bundan əlavə, nazir deyib ki, Türkmənistan prezidenti ilə görüş zamanı iki dövlət arasında iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə olunub.