Azərbaycan 2015-ci ildə Bakıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirləri görəcək. Bu barədə Prezident İlham Əliyev bəyan edib.
“Əminliklə deyə bilərəm ki, Birinci Avropa Oyunlarının keçirilməsi üçün bütün infrastruktur, texniki-təşkilati məsələlər öz həllini tapacaq”, - deyə Prezident Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində bildirib.
Bununla yanaşı, İ.Əliyev qeyd edib ki, Olimpiya Oyunlarına hazırlıq üçün təşkilatçı ölkəyə adətən 6-7 il ayrılır. Azərbaycanın isə cəmi iki il vaxtı var. “Buna görə də biz artıq indidən müvafiq tədbirlər həyata keçirməyə başlamışıq”, - deyən dövlət başçısı əlavə edib ki, ilin əvvəlində yaradılmış Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin artıq ilk iclası keçirilib. İclasda tədbirlərin icrası ilə bağlı tapşırıqlar verilib.
“Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcəklər və həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını həm Avropaya, həm də bütün dünyaya nümayiş etdirəcəyik”, - deyə İ.Əliyev vurğulayıb.
Prezidentin saytının məlumatına görə, cümə axşamı İ.Əliyev “The Business Year” jurnalının rəhbərliyindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə Prezidentə nəşrin elan etdiyi “İlin adamı” mükafatı təqdim olunub.