Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində bəyan edib. Məlumatı dövlət başçısının saytı yayıb.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, ərazilərimizin işğalı faktını nəzərə alaraq ordu quruculuğunu prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdik. Bu gün Azərbaycan Ordusu maddi-texniki, silah-sursat təchizatı, nizam-intizam, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur”, - deyə İ.Əliyev vurğulayıb.
“Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi təsis olunub, hərbi təyinatlı müəssisələr işə salınıb və artıq 700 çeşiddə məhsul istehsal edilir”, - deyə dövlət başçısı qeyd edib.
Prezidentin sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal olunub, bir milyondan artıq qaçqın və məcburi köçkün evlərini tərk edərək uzun illər ərzində çox acınacaqlı şəraitdə, çadır şəhərciklərində, yaşayış üçün münasib olmayan digər yerlərdə məskunlaşıblar.
“2004-cü ildən biz məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı ciddi tədbirlər görməyə başladıq. Ötən müddət ərzində bütün çadır şəhərcikləri ləğv olunub, 77 müasir qəsəbə salınıb, yüz minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Ötən il biz 20 min məcburi köçkünü müasir mənzillərə, evlərə köçürdük və bu il daha 20 min nəfərin mənzil problemini həll edəcəyik”, - deyə İ.Əliyev bəyan edib.