2013-cü ilin yayında Azərbaycanda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Beynəlxalq Gənclər Festivalı keçiriləcək. Bu barədə cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova ICAPP-ın Qadın Qolunun birinci iclasında məlumat verib.
“Öz sıralarında dünyanın 72 ölkəsindən 300 partiyanı birləşdirən ICAPP-ın ilk iclasının ölkəmizdə keçirilməsi Azərbaycan qadınlarının siyasətdə böyük rol oynamasını sübut edir”,- deyə o qeyd edib.
“Bu, 2012-ci ilin yayından bu günə qədər ICAPP-ın ölkəmizdə keçirdiyi üçüncü tədbirdir və buna görə bu ili Azərbaycanda “ICAPP ili” adlandırmaq olar”, - deyə B.Muradova əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür və onların fəaliyyətinə öz töhfəsini verir.
“Azərbaycan ICAPP-da Yeni Azərbaycan Partiyası ilə təmsil olunub və bu təşkilatın inkişafına ciddi töhfələr verir. Azərbaycan öz milli maraqlarından çıxış edərək müxtəlif beynəlxalq təşkilatlarda iştirak edir və bu qurumların tribunlarından bizi narahat edən məsələ və problemlər barədə danışmaq imkanına malikdir”, - deyə o vurğulayıb.