Hakim Yeni Azərbaycan Partiyası ümid edir ki, ermənilər işğal olunmuş Dağlıq Qarabağda aeroportun işə salınması kimi təxribata yol verməyəcəklər.
“Əgər ermənilər təxribatçı addımlardan əl çəkmək istəmirlərsə, o zaman bu, onların dünya birliyinə meydan oxumaq niyyətindən xəbər verir. Lakin inanmaq istərdim ki, dünya birliyi ermənilərə bu cür təxribatlar həyata keçirməyə imkan verməyəcək”, - deyə partiyanın sədr müavini və icra katibi Əli Əhmədov cümə günü jurnalistlərə bildirib.
O xatırladıb ki, beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan ediblər ki, bu aeroportun istifadəyə verilməsi Cənubi Qafqazda sülh prosesinə ciddi ziyan vuracaq.
“Hesab edirəm ki, bu bəyanatlar kifayət qədər ciddidir və onların səsləndirilməsi Ermənistanın hərəkətlərinin təxribat xarakteri daşıdığını göstərir”, - deyə Ə.Əhmədov bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, “Azərbaycan Ermənistan tərəfindən bu cür təxribatların qarşısını almağa hazırlaşır”.