2012-ci ilin yekunları üzrə dövlət büdcəsinə vergi daxilolmalarında Azərbaycanın özəl sektorunun payı 71,9% təşkil edib. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev “The Business Year” jurnalının təqdimatında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq və özəl sektorun inkişafına yönəlmiş iqtisadi islahatlar həyata keçirilib.
“Həmin islahatların nəticəsi olaraq ÜDM-də özəl sektorun payı 83,5% təşkil edir. Məşğulluğun 73,9%-ni özəl sektor formalaşdırır. Vergi daxilolmalarında özəl sektorun payı 71,9% təşkil edir”, - deyə Ş.Mustafayev bildirib.
Uğurla həyata keçirilən islahatlar arasında nazir sahibkarlığa dəstək mexanizmi, sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı “bir pəncərə” prinsipinin tətbiqi,
Gömrük Məcəlləsinin yeni redaktədə tətbiqi, “Xüsusi iqtisadi zonalar haqqında” qanunun qəbulu, İcazələrin elektron informasiya portalının yaradılmasını qeyd edib. “Bu portala 110 mindən artıq istifadəçi daxil olub və indiyədək burada 110-a yaxın normativ akt layihələri yerləşdirilib”, - deyə nazir əlavə edib.
Ş.Mustafayev effektiv islahatlara Yoxlamaların Vahid Məlumat Reyestrinin istifadəyə verilməsi, elektron xidmətlərin inkişafı (yalnız İqtisadi İnkişaf Nazirlyi tərəfindən göstərilən xidmətlər üzrə 8 mindən artıq elektron müraciət daxil olub – İF-Az), vergi və gömrük bəyannamələrinin elektron formada tədqim edilməsi imkanı, ixrac-idxal prosedurlarının sadələşdirilməsi, “ASAN xidmət”in yaradılmasını aid edib.