Asiya qadınları beynəlxalq terrorizm, korrupsiya, nüvə fəlakəti təhdidləri və iqlim dəyişikliklərinə qarşı aparılan mübarizədə aparıcı rol oynamalıdırlar. Bu barədə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Qadınlar Qolunun Bakıda keçirilən ilk iclasında təşkilatın baş katibi Xose de Venesia bəyan edib.
“Asiya böyük sivilizasiyaların vətənidir. Bununla belə bizim hələ də Avropa və Afrika parlamentlərinə bənzər Asiya parlamentimiz yoxdur. Mən əminəm ki, qadın liderlər bunu nəzərə alacaqlar. Biz bu gün Asiya erasının və Asiya qadını əsrinin başlanmasını müşahidə edirik”,- deyə o qeyd edib.
ICAPP-ın baş katibi yoxsulluqla mübarizə məqsədi ilə Asiya qadın bankının yaradılması təşəbbüsü ilə çıxış edib.
“Azərbaycan ICAPP-ın gənclər və qadınlar qollarının yaradılmasının təşəbbüskarıdır. Bu günkü tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, böyük tarixi hadisədir. Bu gün yeni Azərbaycan Partiyası Asiyanın ən fəal siyasi partiyalarından biridir”,- deyə X.Venesia vurğulayıb.
Onun sözlərinə görə, ICAPP-ın Qadınlar Qolunun yaradılması təşəbbüsü ilə çıxış etməklə Azərbaycan Asiyada qadın diplomatiyasının yaradılmasının təşəbbüskarı oldu.
“Bizim əsas məqsədimiz Türkiyə vasitəsi ilə ICAPP-ın Avropa qolunu yaratmaqdır. Biz Asiyanın nailiyyətləri ilə fəxr edirik. ICAPP Asiyanın öz sıralarında ən çox sayda qadını birləşdirən ən iri partiyasıdır”, - deyə o əlavə edib.