Bakı Xəzərin hüquqi statusu üzrə beş Xəzəryanı dövlətin xüsusi işçi qruplarının Tehranda keçiriləcək görüşünün uğurlu olacağına ümid edir. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
“Biz ümid edirik ki, bu görüşdə Xəzərin statusunun müəyyən edilməsi üzrə səy göstəriləcək. Aydın məsələdir ki, bir görüşdə bütün məslələri həll etmək mümkün deyil, lakin müəyyən məsələlərlə bağlı mövqelərin yaxınlaşmasına və ümumi yanaşmalara nail olmaq olar”,- deyə diplomat cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi aprelin 20-də Tehranda keçirilməsi gözlənilən iclasda iştirak etməyə artıq razılıq verib.
Danışıqlarda Azərbaycan nümayəndə heyətinə X.Xələfov rəhbərlik edəcək.