Azərbaycan Prezidenti İlham Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) sədri seçilib. Bu barədə Klubun keçmiş prezidenti və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Klubun sədri beynəlxalq aləmdə, regionda və ən əsası Azərbaycanda nüfuzlu şəxs olmalıdır ki, şirkətlərin və iş adamlarının problemlərinin həllinə dəstək olsun. Biz Klubun üzvləri adından Prezident İlham Əliyevə təşəkkür edirik ki, bizim təklifimizi qəbul edib. Artıq bu gündən o, CEIBC-nin sədridir”, - deyə T.Əliyev Klubun iclasında bildirib.
CEIBC yaradılan vaxtdan İ.Əliyev Klubun fəxri üzvü olub.
Əvvəllər Klubun prezidenti və baş icraçı direktoru vəzifələrini tutan T.Əliyev baş icraçı direktor seçilib.
Sədrin müavini vəzifəsinə hələlik təyinat yoxdur. Əbülfəz Hacıyev, Rasim Mahmudov və Natalya Əliyeva (Susel) Klubun İdarə Heyətinin üzvləri təyin olunublar.
Caspian European Services Club-ın prezidenti Kristofer Mott, Caspian European Transport & Tourism Club-ın prezidenti isə Ergün Məmmədov seçilib.