Bakı və Ukrayna Azərbaycan qazının Ukraynaya svop üsulu ilə tədarükü imkanlarını müzakirə edir. Bu barədə cümə günü jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev bəyan edib.
“Biz bu layihənin reallaşdırılmasının bütün şərtlərini müzakirə edirik. Söhbət texnoloji, kommersiya və digər məsələlərdən gedir”, - deyə N.Əliyev bildirib.
Nazir qeyd edib ki, bu məsələ 2013-cü ilin mart ayında Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitski ilə müzakirə olunub.
“Biz Azərbaycan qazının Ukraynaya tədarükü yollarının axtarışı üzərində çalışırıq. Odessada maye qazın qəbulu üçün terminal tikilir. Eyni zamanda Azərbaycan Qara dənizdə Gürcüstanda təbii qazın mayeləşdirilməsi üzrə bu cür qurğu inşa etməyi və qazı sahilboyu ölkələrə tədarük etməyi planlaşdırır”, - deyə N.Əliyev məlumat verib.
Nazir həmçinin bildirib ki, Azərbaycan xam neftin Ukraynaya tədarükünü bərpa etməyə hazırdır. “Ukrayna tərəfi Azərbaycan neftində maraqlı oduğunu səsləndirib. Belə olduğu halda Ukrayna müvafiq güzəştli şərtlər yaratmalıdır. Əgər Ukrayna müvafiq təşəbbüslərlə çıxış edərsə, Azərbaycan xam neftin tədarükünü bərpa etməyə hazırdır”, - deyə o izah edib.
O xatırladıb ki, Azərbaycan 2012-ci ildə Ukraynaya neft ixracını dayandırıb. “Bu, Gömrük İttifaqının yaradılması və Rusiya neftinin daha ucuz qiymətə Belarusa tədarükü ilə əlaqədar olub. Azərbaycan nefti bu cür rəqabətə davam gətirə bilmirdi”, - deyə nazir qeyd edib.