Cümə günü Britaniyanın “Brinks Qlobal” şirkəti Dövlət Neft Fondunun (ARDNF) aldığı 1 ton həcmində (32 150 troya unsiyası) 4-cü qızıl partiyasını Azərbaycana gətirib. Bu partiya müvəqqəti saxlanılmaq üçün Mərkəzi Bankda yerləşdirilib. Bu barədə ARDNF-in məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF aktivlərinin diversifikasiyası çərçivəsində 2012-ci il fevralın 1-dən qızılın alışına başlayıb və indiyədək 17 422 kq (560 145 troya unsiyası) qızıl alıb.
“Bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı 4 tona (128,6 min troya unsiyası) çatdırılıb", - deyə məlumatda vurğulanır.
ARDNF alınmış qızılın həcmini 2014-cü ilədək 30 tona çatdırmağı planlaşdırır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
1 yanvar 2013-cü il tarixinə ARDNF-in aktivləri $34 mlrd. 129,4 mln. təşkil edir.