Qazaxıstan MDB ölkələri arasında investisiya yatırımı üçün ən cəlbedici ölkələrdən biridir. Bu barədə Qazaxıstanın baş nazirinin müavini Bakıtcan Saqintayev bazar ertəsi Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) iclasında çıxışı zamanı bəyan edib.
"Mütəxəssislərin qiymətləndirmələrinə görə, Qazaxıstan MDB ölkələri arasında investisiya yatırımı üçün ən cəlbedici ölkələrdən biridir. 1993-cü ildən bəri xaricdən 160 mlrd. ABŞ dolları həcmində birbaşa sərmayə cəlb edilib", - deyə B.Saqintayev bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya regionuna yatırılan birbaşa xarici investisiyaların təxminən 80%-i Qazaxıstanın payına düşür. Qazaxıstanın maliyyə potensialı, beynəlxalq ehtiyatları, o cümlədən Milli Fondun $87 mlrd.-a çatan vəsaitləri artır.
"Dünya İqtisadi Forumunun reytinq cədvəli də ölkənin uğurlarının göstəricisidir. Qazaxıstan beynəlxalq rəqabətədavamlılıq indeksinə görə bir il ərzində 21 pillə irəliləyərək inkişaf etmiş ölkələri qabaqlayıb və 51-ci pilləni tutub. Dünya inkişafının innovasiyalar, texnologiya sahəsində yeniliklərlə bağlı olan yeni mərhələsi ölkənin iqtisadi bünövrəsinin moderləşdirilməsini tələb edir", - deyə B.Saqintayev bildirib. Baş nazirin müavini qeyd edib ki, bununla əlaqədar 2010-cu ildən Qazaxıstanda sənayenin inkişafına yönəlmiş proqram həyata keçirilir.
Qırğızıstanın baş nazirinin birinci müavini Comərt Otorbayev öz növbəsində qeyd edib ki, region ölkələri üçün əməkdaşlıq prioritet təşkil etməlidir.