Azərbaycan fövqəladə halların idarə olunması və onların nəticələrinin minimuma endirilməsi üçün dünya təcrübəsini öyrənməkdə maraqlıdır. Bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bəyan edib.
“Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə halların idarə olunması və onların nəticələrinin minimuma endirilməsi üçün qabaqcıl təcrübəni, o cümlədən Fransanın təcrübəsini öyrənməkdə maraqlıdır”, - deyə F.Tağızadə bazar ertəsi FHN-nin Fransa səfirliyi ilə birgə Bakıda təşkil etdiyi “Genişmiqyaslı tədbirlər zamanı fövqəladə halların idarə olunması” mövzusunda seminarda çıxışı zamanı bildirib. O qeyd edib ki, son zamanlar zəlzələ və vulkan kimi təbii fəlakətlərin sayında artım müşahidə edilir. Bununla əlaqədar o, keçirilən seminarın əhəmiyyətini qeyd edib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye öz növbəsində qeyd edib ki, Azərbaycan regionun sabitliyinin təmin olunmasında mühüm rol oynayır.
“Biz Azərbaycanı sabitlik və demokratiyanın inkişafı yolunda daha da irəliləyən görmək istəyirik. Son üç ildə Bakıda müsbət dəyişikliklər müşahidə olunur. Regionlarda turizm fəal inkişaf edir. Lakin təhlükəsizlik sahəsində də bir çox işlər görmək lazımdır”, - deyə diplomat əlavə edib.
P.Mönyenin sözlərinə görə, Azərbaycanla Fransa arasındakı dostluq münasibətləri fövqəladə hallarla mübarizə sahəsində şirkətlərin konkret əməkdaşlığına keçə bilər. Fransa şirkətlərinin təcrübəsi bu baxımdan çox faydalı ola bilər.