Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri ABŞ, Rusiya, Çin, AB və digər xarici oyunçuların iştirakı olmadan əməkdaşlığı gücləndirməlidir. Bu barədə Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr Bakıda keçirilən Dünya İqtisadi Forumunda (Davos Forumu) bəyan edib.
O, region ölkələri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
“Regiona Cənubi Qafqazın üç ölkəsi və Mərkəzi Asiyanın keçmiş beş respublikası, o cümlədən, uzun illər ərzində bu regionun bir hissəsi olmuş, onunla iqtisadi və mədəni əlaqələrə malik olan Əfqanıstan daxildir”, - deyə F.Starr vurğulayıb. O qeyd edib ki, son zamanlar hadisələrin inkişafını nəzərə alaraq bu regiona daxil olan ölkələri konkret dəqiqləşdirmək zəruridir.