Azərbaycan və Fransa əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin FHN akademiyalarında ustad dərslərin keçirilməsi məsələsini müzakirə edirlər. Bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bəyan edib.
“Fransa Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə artıq 10 ildir ki, mülki müdafiə, böhran vəziyyətlərində idarəetmə sahələrində əməkdaşlıq edir. Lakin biz bu əməkdaşlığı daha da genişləndirmək istərdik”, - deyə P.Mönye bazar ertəsi FHN-nin Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi “Genişmiqyaslı tədbirlər zamanı fövqəladə halların idarə olunması”na dair seminarda jurnalistlərlə söhbəti zamanı bildirib.
Diplomatın sözlərinə görə, Fransa Azərbaycana yanğınsöndürmə avadanlıqları tədarük edir.
“Fransanın bir sıra şirkətləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində çalışır. Fransa yalnız Azərbaycana avadanlıq tədarük etməkdə deyil, həm də bu sahəyə aid texnologiyaların satışını həyata keçirməkdə və institusional əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi aparmaqda maraqlıdır”, - deyə P.Mönye qeyd edib.