Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının nümayəndə heyəti bu həftə Azərbaycan və Gürcüstana səfər edəcək. Bu barədə bankdan məlumat verilib.
AYİB-in nümayəndə heyəti aprelin 7-10-da Gürcüstana, 10-12-də Azərbaycana səfər edəcək.
Azərbaycanda Direktorlar Şurasının nümayəndələrini Prezident İlham Əliyev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov və iqtisadi inkişaf naziri Şahin Mustafayev qəbul edəcəklər.
Bundan başqa, iş adamları, diplomatik korpus, beynəlxalq maliyyə institutları, bank və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər planlaşdırılıb.
AYİB-in nümayəndə heyətinə Memduh Akçay, Erike Bal, Klara Krol, Corco Leççesi, Vasili Lelakis, Yan Maas, Conatan Okenden, Oyn Rayan, İoakim Şvartser və Artyom Şevalev daxildir.
Missiyanı, həmçinin AYİB-in Qafqaz, Moldova və Belarus üzrə direktoru Pol-Anri Forestye müşayiət edir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə AYİB Azərbaycanın dövlət və özəl sektorlarında layihələrin həyata keçirilməsinə 1,8 mlrd. avro vəsait ayrılmasını təsdiq edib. Hazırda bankın Azərbaycandakı layihələr üzrə cari portfeli 692 mln. avro təşkil edir.