Norveçin “Statoil” şirkəti Xəzərin Azərbaycan sektorunda “Zəfər-Məşəl” perspektiv strukturlarının işlənməsi layihəsinin iştirakçısı olmağı planlaşdırır.
“Zəfər-Məşəl” perspektiv strukturlarının kəşfiyyatı və işlənməsinə dair memorandum bazar ertəsi SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) və “Statoil” arasında imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verib.
12 ay ərzində sazişin əsas kommersiya prinsipləri və şərtlərinin razılaşdırılması üçün danışıqlar aparılacaq.
“SOCAR və “Statoil” 20 il ərzində uğurla əməkdaşlıq edir. Hazırda biz əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuruq", - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayev memorandumun imzalanma mərasimində bildirib.
“Biz Azərbaycanda mövqelərimizi möhkəmləndirmək niyyətindəyik. Xəzər hövzəsinin resursları bizi ümidləndirir. Əlbəttə, risklər mövcuddur, lakin biz böyük imkanlar görürük. Bundan başqa, biz “Statoil”un Braziliya və Tanzaniyada topladığı təcrübəni SOCAR-la bölüşməyə hazırıq”, - deyə “Statoil”un baş icraçı direktoru Helge Lund qeyd edib.
“Zəfər-Məşəl” bloku Bakıdan 130 km cənub-şərqdə yerləşir. Dənizin dərinliyi 450-950 metr, blokun sahəsi 643 kvadrat kilometr təşkil edir.
1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub.
Strukturda ilk kəşfiyyat quyusu karbohidrogen ehtiyatları aşkar etməyib və layihənin operatoru olan “ExxonMobil” müqavilə üzrə kəşfiyyat işlərini davam etdirməkdən imtina edərək SOCAR-a kompensasiya ödəyib. Strukturda proqnoz neft ehtiyatları 140 mln. ton, onun işlənməsi üçün lazım olan investisiyalar isə $2 mlrd. həcmində qiymətləndirilib.
Bu quyuda qazma işləri “ExxonMobil” şirkətinə $150 mln.-a başa gəlib.