Azərbaycan Silahlı Qüvvələrinin zabiti Şəhriyar Məmmədov bazar ertəsi Ermənistan tərəfinin atəşkəs rejimini pozması nəticəsində qoşunların təmas xəttində həlak olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Milli Ordunun N saylı hərbi hissəsinin leytenantı, 1988-ci il təvəllüdlü Ş.Məmmədov aprelin 8-də saat 20:00 radələrində Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bazar ertəsi və çərşənbə axşamına keçən gecə erməni silahlı bölmələri Ağdam rayonunun Kəngərli və Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.