Türkiyənin meşə və su təsərrüfatı naziri Veysəl Erolun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 10-13-də Azərbaycana səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi Azərbaycan və Türkiyə hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsidir.
Səfər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçiriləcək görüşdə su və meşə ehtiyatlarının müasir tələblərə uyğun idarə edilməsinin təşkili, Xəzər dənizi və Qara dənizin ətraf mühitinin mühafizəsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair daha əvvəl imzalanmış memorandumdan irəli gələn bir sıra məsələlər müzakirə ediləcək.
Bununla yanaşı, nümayəndə heyəti aprelin 11-13-də Bakıda keçiriləcək “CATEF 2013” Xəzər Beynəlxalq Su texnologiyaları sərgisi və forumunda iştirak edəcək.