“İrs” müxalifət partiyasının lideri Raffi Ovannisyanın İrəvanın mərkəzində, “Azadlıq” meydanında təşkil etdiyi mitinqə minlərlə insan toplaşıb.
“Tez və ya gec indiki hakimiyyət bura, meydana gələrək xalqın qələbə qazandığını etiraf edəcək”, - deyə R.Ovannisyan tribunadan bəyan edib.
Toplaşanlar “Raffi- prezident” şüarını səsləndirirlər.
Aksiyanın keçirildiyi ərazidə gücləndirilmiş polis dəstələri növbə çəkir.
Fevralın 18-də keçirilən seçkilərdə Ermənistan prezidenti seçilmiş Serj Sarqsyan bu gün ölkə Konstitusiyasına və VII əsrə aid İncilə and içərək ikinci dəfə prezident vəzifəsinin icrasına başlayıb.
R.Ovannisyan prezident seçkilərinin nəticələrini tanımır və “Azadlıq” meydanında alternativ inauqurasiya mərasiminin keçiriləcəyini bəyan edib.
MSK-nın rəsmi məlumatına əsasən, ölkənin fəaliyyətdə olan prezidenti S.Sarqsyan prezident seçkilərinin birinci mərhələsində səslərin 58,64%-ni toplayaraq qələbə çalıb. Onun əsas rəqibi, “İrs” partiyasının lideri, sabiq xarici işlər naziri (1991-1992-ci illər) R.Ovannisyan seçkilərdə 36,74% səs toplayaraq ikinci yeri tutub.