Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması İrəvan üçün prioritet məsələ olaraq qalır. Bu barədə Ermənistan prezidenti Serj Sarqsyan çərşənbə axşamı inauqurasiya mərasimindən sonra bəyan edib.
Onun sözlərinə görə, bundan başqa, Ermənistan hakimiyyəti ölkənin təhlükəsizlik səviyyəsinin artırılması istiqamətində ardıcıl olaraq iş aparacaq.
“Biz regionda sabitliyə kömək edən hər kəsə minnətdarıq. Lakin ilk növbədə, öz gücümüzə ümid etməliyik. Biz müharibə istəmirik, lakin istənilən çağırışa qarşı müqavimət göstərməyə hazırıq”, - deyə S.Sarqsyan bəyan edib.
Ermənistan prezidenti, həmçinin seçkilərdə ona etimad göstərən, o cümlədən ona səs verməyən vətəndaşlara minnətdarlığını bildirib.
“Bununla onlar hökumətə ismarıc göndərərək daha effektiv iş tələb ediblər. Əmin olun ki, bütün ismarıclar ünvanlarına çatıb. Növbəti beş il üçün prioritetlərimiz iqtisadi tərəqqinin, qanunun aliliyinin və demokratiyanın dərinləşməsinin təmin edilməsidir”, - deyə S.Sarqsyan qeyd edib.