Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyinə daxil edilən məsələlərin müzakirəsində fəal iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov məlumat verib.
“AŞPA-nın yaz sessiyasının gündəliyində birbaşa Azərbaycanla bağlı məsələlər yoxdur. Buna baxmayaraq, biz hər zaman olduğu kimi bilavasitə ölkəmizə aid olan problemləri qaldıracağıq”, - deyə o bildirib.
R.Hüseynovun sözlərinə görə, sessiyanın ilk iş günündə gündəlikdə 18 fevral 2013-cü ildə Ermənistanda keçirilmiş növbəti prezident seçkilərinin nəticələrinin müzakirəsi nəzərdə tutulub.
“Bu məsələnin AŞPA-nın yaz sessiyasının gündəliyinə daxil edilməsi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti ilə bağlı problemə Avropa parlamentarilərinin diqqətini cəlb etmək üçün bizə əlavə imkanlar yaradır. Təbii ki, Azərbaycan nümayəndə heyəti bu imkandan istifadə edəcək”, - deyə parlament üzvü vurğulayıb.
R.Hüseynov, həmçinin qeyd edib ki, nümayəndə heyəti AŞPA-nın yaz sessiyasının gündəliyinə daxil edilmiş Türkiyə ilə post-monitorinq dialoqunun təşkili ilə əlaqədar məsələnin müzakirəsində fəal iştirak edəcək.
“Bu, təbii haldır, çünki biz Türkiyə ilə bütün istiqamətlərdə fəal əməkdaşlıq edir, bir-birimizə qarşılıqlı dəstək göstəririk. Nümayəndə heyətimizin üzvləri bu dəfə də dost dövlətin maraqlarının müdafiəsinə qalxacaqlar”, - deyə o bildirib.
Sessiya çərçivəsində AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin iclasında R.Hüseynov “Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyasına qoşulması” mövzusunda məruzə ilə çıxış edəcək.
“Bu məruzə Avropanın inkişaf strategiyası ilə bağlı ümumavropa xarakteri daşıyır. 2012-ci ilin dekabrında Bu məsələ ilə bağlı kollokvium keçirilib, sənəd Komitədə geniş müzakirə olunub. Məruzənin ilkin mətni artıq hazırdır. Düşünürəm ki, Komitənin iclasında müzakirə olunduqdan sonra sənəd AŞPA-nın yaz və ya qış sessiyasına daxil edilə bilər”, - deyə Azərbaycan nümayəndə heyətinin üzvü qeyd edib.
R.Hüseynovun sözlərinə görə, Azərbaycanın nümayəndə heyəti həmçinin AŞPA-nın yaz sessiyası üçün iki sənəd hazırlayıb. Həmin sənədlər Avropa parlamentarilərinin diqqətinə çatdırılacaq.
«Думаю, что весенняя сессия ПАСЕ будет успешной для Азербайджана», - подчеркнул Р.Гусейнов.
AŞPA-nın yaz sessiyası 22-26 aprel tarixlərində Strasburqda keçiriləcək.