Berlin şəhərinin Epicentro Art incəsənət qalereyasında Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə “Azərbaycan obyektivdə” adlı fotosərgi təşkil olunub. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatında deyilir.
Sərgidə bundan əvvəl keçirilmiş müsabiqədə iştirak edən 55 fotoşəkil nümayiş olunub. Dünyanın dörd bir yanından həvəskar və peşəkar fotoqraflar tərəfindən təqdim olunan əsərlər Azərbaycanın mədəniyyətinin, təbiətinin, tarixinin və ictimai həyatının müxtəlif cəhətlərini əks etdirir.
Tədbirdə çıxış edən AAC-nin Almaniya nümayəndəliyinin direktoru Şahin Nəmati-Nasab bildirib ki, qurum beş il ərzində Azərbaycanın mədəniyyətini və tarixini nümayiş etdirmək üçün Avropada bir çox tədbirlər təşkil edib.
150-dən çox fotoqrafın 750-dək əsərinin təqdim olunduğu müsabiqədə iştirak edən bütün fotolar Azərbaycanın özünəməxsus xüsusiyyətlərini və qeyri-adi guşələrini əks etdirir.
Bu əsərlər çoxsaylı beynəlxalq yarışmalarda münsiflər heyəti qismində çıxış etmiş nüfuzlu “Condé Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf və məşhur fotoqraf Henri Dallal tərəfindən qiymətləndirilib.
Müsabiqənin qalibi 1985-ci ildə Azərbaycanın hazırda erməni işğalı altında olan Kəlbəcər şəhərində çəkilmiş “Qocalar” (“Old men”) fotosu ilə Asim Talib olub.